Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
Səttar Bəhlulzadənin ev muzeyi

Gündəliklər

Səttar Bəhulzadənin gündəlikləri onun həyat və yaradıcılığının ayırlmaz hissəsidir. Rəssam ömrünün sonuna kimi yazdığı gündəliklərin əksəriyyətini azərbaycan dilində ərəb əlifbası ilə, bir qismini kiril əlifbası ilə yazmışdır. Elə illər var ki, bu dövrdə gündəliklərin sayı azdır, 70-ci illərə aid gündəliklər çoxluq təşkil edir. Gündəliklərdə Səttar Bəhlulzadənin sənət haqqında düşüncələri, bəzi əsərlərində istifadə etdiyi elementlərin şərhi, çəkməyi nəzərdə tutduğu bir neçə obrazın təsviri, bəzi əsərlərinin təhlili, bu və ya digər əsər üzərində işlərkən keçirdiyi hiss və həyəcanları, kətanda çəkdiyi yaxud çəkməyi planlaşdırdığı mənzərə və natürmortların mövzu, kompozisiya və kolorit həlləri öz əksini tapmışdır. Rəssam tuş, karandaş, rəngli qələm, flomasterdən istifadə edərək gündəliklərdə müxtəlif mövzuda rəsmlər, gələcək iri həcmli əsərləri üçün eskizlər çəkmişdir.

 

Gündəlik səhifələrində rəssam Moskvada oxuduğu illərdə ona dərs demiş müəllimləri haqqında xatirələrini yazmış, onların dərs üsulları haqqında qeydlər etmişdir. Səttar Bəhlulzadə hələ Moskvada təhsil aldığı illərdə gündəlik yazmağa başlamışdır. Rəssam sonradan yenidən gündəlik yazmağa, gündəlik hadisələri, gördüyü işləri, səfər etdiyi yerlər haqqında təəssüratlarını, öz planlarını, arzularını bu dəftərlərdə qeyd etməyə başlamışdır.

 

 Gündəliklərdəki qeydlər rəssamın sənətkarlıq xüsusiyyətlərini, o cümlədən şəxsiyyətini səciyyələndirən keyfiyyətləri üzə çıxarmağa imkan verir.