Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
Səttar Bəhlulzadənin ev muzeyi

Muzey haqqında

Səttar Bəhlulzadənin xatirə muzeyi 1981-ci ildə Əmircan kəndində neft mesenatı Murtuza Muxtarovun tikdirdiyi ikiminarəli məsciddə təşkil olunmuşdu. Sovet dövründə məsciddə fəaliyyət göstərən toxuculuq sexi oradan köçürülərək rəssamın muzeyi açıldı.
1989-cu ildə isə məscidlərin fəaliyyətinin bərpa edilməsi ilə əlaqədar olaraq rəssamın xatirə muzeyi bağlandı, əsərləri və şəxsi əşyaları isə R.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyinə köçürüldü.

1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamına əsasən rəssamın yaşadığı evdə ev-muzeyinin yaradılması qərara alınmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Səttar Bəhlulzadənin yaşadığı evdə əsaslı təmir-bərpa işləri aparılmış, burada rəssamın ev-muzeyi yaradılmışdır. 2014-cü ildə AR Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Suraxanı Rayon İcra başçısı İlqar Abbasov, tanınmış rəssam və sənətşünaslar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə muzeyin təntənəli açılış mərasimi keçirilmişdir.

Muzey iki mərtəbəli binadan və həyətdən ibarətdir. Muzeyin ekspozisiyası ikinci mərtəbədəki 5 otaq və dəhlizdən ibarətdir.

Ekspozisiyada rəssamın molberti, palitraları, fırçaları, boyaları, yazı stolu, radiola, digər məişət əşyaları nümayiş edilir. Vitrinlərdə müxtəlif əlamətdar hadisələrlə əlaqədar rəssama ünvanlanmış təbrik məktubları, təbrik teleqramları, S.Bəhlulzadənin müxtəlif dillərdə dərc olunmuş kataloqları, rəssamın fərdi sərgilərinə dəvətnamələr, şəxsi sənədləri və digər tarixi əhəmiyyət kəsb edən eksponatlar yer almışdır. Muzeydə rəssamın şəxsi kitabları, sənət dostları tərəfindən bağışlanmış kitablar, eyni zamanda S.Bəhlulzadə haqqında yazılmış kitablar nümayiş olunur. Muzeyin bütün otaqlarında Səttar Bəhlulzadənin əsərləri sərgilənir

Muzeyin fondunun böyük hissəsini Səttar Bəhlulzadənin bacısı oğlu Rafael Abdinovun bağışladığı eksponatlar təşkil edir.

2014-cü ildə muzeyin açılışından sonra rəssamın həyat və yaradıcılığının təbliği sahəsində bir sıra işlər görmüşdür. 2014-cü ildə Səttar Bəhlulzadənin bu vaxta kimi nümayiş olunmamış və şəxsi kolleksiyalarda saxlanılan qrafik əsərlərindən ibarət fərdi sərgisi keçirilmiş, sərginin kataloqu hazırlanmış çap edilmişdir. S.Bəhlulzadənin 1931-1933-cü illər ərzində “Kommunist” qəzetində dərc olunmuş karikaturalarından ibarət “Səttar Bəhlulzadənin karikaturaları (“Kommunist” qəzetinin materialları əsasında)” adlı kataloq hazırlanmış, çap edilmiş, eyni zamanda karikaturalardan ibarət sərgi keçirilmişdir. 

Rəssamın yaradıcılığının tədqiqi sahəsində görülən işlər sırasında yeni aşkarlanmış Özbəkistan və Tatarstanın Xalq rəssamı Çingiz Əhmərovun müəllifi olduğu “Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin portreti” haqqında ətraflı məlumatı əks etdirən prospekt çap edilmişdir.

S.Bəhlulzadənin Bakı və Abşeron mövzusuna həsr edilmiş əsərlərindən açıqcalar toplusu hazırlanmışdır.
Rəssamın yaradıcılığının müxtəlif sahələri üzrə aparılmış tədqiqatların nəticələri konfranslarda işıqlandırılmış, respublikanın elmi və elmi-popilyar nəşrlərində çap edilmişdir.