Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
Səttar Bəhlulzadənin ev muzeyi

Bioqrafiyası

    Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Xalq sənəti nümunələri əhatəsində böyüyən azyaşlı Səttar sənətlə maraqlanmağa başlayır. 84 saylı orta məktəbi bitirdikdən sonra 1927-ci ildə S.Bəhlulzadə təhsilini Rəssamlıq Məktəbində davam etdirir. Burada Bəhlulzadənin müəllimlərindən biri olmuş Azərbaycanın Xalq rəssamı Ə.Əzimzadənin məsləhəti ilə o, «Kommunist» qəzetində karikaturaçı rəssam kimi işləməyə başlamışdır.

    1933-cü ilin yayında S.Bəhlulzadə Moskva V.İ.Surikov adına Rəssamlıq İnstitutunun qrafika fakültəsinə daxil olur. Həmin illərdə qrafika fakültəsində V.A.Favorski, L.A.Bruni kimi sənətkarlar dərs deyirdilər. Burada Bəhlulzadə əsasən məşhur qrafika ustası V.A.Favorskinin emalatxanasında oxumuşdur. Müəllimlərindən biri olan məşhur rəssam və pedaqoq Q.M.Şeqal gənc rəssamın rəngkarlığa olan qabiliyyətini görür və Səttara gələcəkdə də bu yolu davam etməyi tövsiyə edir. Gənc Bəhlulzadə üçüncü kursdan rəngkarlıq fakültəsinə keçir. Burada o, Q.M.Şeqalın emalatxanasında rəngkarlıq sənətinin incəliklərinə yiyələnməyə başlayır.

    Bakıya qayıtdıqdan sonra Səttar Bəhlulzadə 1941-43-cü illərdə Rəssamlıq Məktəbində dərs demişdir. Lakin tezliklə rəssam pedaqoji fəaliyyətinə son qoyaraq demək olar ki, həyatını bütünlüklə yaradıcılığa həsr edir.

Azərbaycan təsviri sənət tarixində lirik mənzərə janrının banisi olan Səttar Bəhlulzadənin əsərlərində 40-50-ci illərdə realizm ənənələri üstünlük təşkil edirdisə, sonrakı illərdə onun realizmdən fərqli fərdi üslubunun formalaşmasını, artıq Bəhlulzadə dəst-xəttinin meydana gəldiyini aydın görürük. Azərbaycan torpağına, doğma təbiətə vurğun olan rəssam öz məhəbbətini əsasən mənzərə və natürmortlarında açıqlayır. Rəssam Azərbaycanın demək olar ki, bütün regionlarını gəzmiş, doğma diyarın rəngarəng təbiətini «Abşeronun tacı», «Xəzər gözəli», «Mərdəkan», «Qədim Şamaxı», «Torpağın arzusu», «Bazardüzü», «Muğan gözəlləri» və b. mənzərələrində tərənnüm etmişdir. Azərbaycan təbiətinin nemətlərini və madii mədəniyyət nümunələrini «Şamaxı örtüyü ilə natürmort», «Zəfəranla natürmort» və s. əsərlərində təsvir etmişdir. S.Bəhlulzadənin yaradıcılığında tarixi mövzulara və böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş əsərlər də mövcuddur.

    Sağlığında Səttar Bəhlulzadənin Bakıda (1955, 1974), Tiflisdə (1955, 1960), Praqada (1966), Moskvada (1973) fərdi sərgiləri keçirilmişdir. Vəfatından sonra rəssamın Moskvada, Yaltada, Minskdə, müstəqillik illərində Nyu-York, İstanbul (1994), London (1995), Bonn (1996), Daşkənd, Parisdə (2009) fərdi sərgiləri təşkil edilmişdir. Fərdi sərgilərindən başqa S.Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində - Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub.

1960-cı ildə  Səttar  Bəhlulzadə «Azərbaycanın əməkdar incəsənət xadimi» fəxri adına, 1963-cü ildə Azərbaycan Təsviri Sənətinin inkişafında xidmətlərinə görə «Azərbaycanın Xalq Rəssamı» fəxri adına, 1972-ci ildə yaratdığı silsilə əsərlərinə görə Azərbaycan Dövlət Mükafatına və digər orden və medallara layiq görülmüşdür.

    Səttar Bəhlulzadə 1974-cü ildə dünyasını dəyişmiş, özünün vəsiyyəti ilə anasının yanında Əmircanda dəfn edilmişdir.

  Səttar Bəhlulzadənin obrazı, Səttar şəxsiyyəti bir çox rəssam, heykəltəraş, şairləri cəlb edib. T.Nərimanbəyov, Ö.Eldarov, T.Salahov, F.Əbdürrəhmanov, R.Rza, M.Seyidzadə və b. görkəmli sənətkarlar rəssamın portretlərini yaratmış, ona şeirlər həsr etmişlər.

   YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamını əsas tutaraq xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsinin anılması məqsədilə 2009-cu ildə Bakıda, Daşkənddə, Parisdə YUNESKO-nun iqamətgahında rəssamın fərdi sərgiləri təşkil edilmiş, respublika üzrə rəssama həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir.